Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
AnasayfaAnasayfa  Latest imagesLatest images  AramaArama  Kayıt OlKayıt Ol  Giriş yapGiriş yap  

 

 ALMAN DİKTATORU ADOLF HİTLERİN HƏYATI

Aşağa gitmek 
YazarMesaj
soner




Mesaj Sayısı : 3323
Kayıt tarihi : 31/05/10

ALMAN DİKTATORU ADOLF HİTLERİN HƏYATI Empty
MesajKonu: ALMAN DİKTATORU ADOLF HİTLERİN HƏYATI   ALMAN DİKTATORU ADOLF HİTLERİN HƏYATI Icon_minitimeÇarş. Tem. 21, 2010 3:25 pm

ALMAN DİKTATORU ADOLF HİTLERİN HƏYATI
Yunis Fərman oğlu Xəlilov (hüquqşünas)
yunishalil@yahoo.com
Bu şəxsin portreti insanların yaddaşında belə qalıbdır: dəlicəsinə qışqırıq, pafoslu, emosiоnal və kəsik-kəsik nitq, qəfil jestlər.

Bəli bu, II Dünya müharibəsinin məşhur şəxsi, adı tarixə düşən, XX əsrdə haqqında ən çox bəhs edilən liderlərdən biri Adolf Hitlerdir. Əsl soyadı Şiklqruber (Schicklgruber) olan Adolf1 20 aprel, 1889-cu ildə Avstriyanın Braunau şəhərində gömrükxana məmuru Alois Hitlerin ailəsində dünyaya gəlmişdir.

Məktəb illəri uğursuz və təmbəlliklə keçdiyindən orta təhsilini tamamlaya bilməmişdir. Hitler “Mein Kampf (“Mənim mübarizəm”) əsərində2 bu illərini belə xatırlayır: “Atama görə mənə uyğun olan məktəb Realschule3 idi. O, mənim asan və gözəl rəsim çəkdiyimi görür, Avstriya liseylərində bu məsələyə çox önəm verilmədiyini deyirdi... Əslində o, (Hitlerin atası-Y.X.) hökmünü vermişdi: Oğlu da özü kimi məmur olacaqdı... Həyatımda ilk dəfə 11 yaşımda olarkən müxalifətə keçdim. Atam layihələşdirdiyi planları həyata keçirmək üçün qərarlı və əzmli olsa da, oğlu da bəyənmədiyi bu fikri rədd etməkdə ən az onun qədər inadcil idi. Məmur olmaq istəmirdim... Usta bir rəssam olmalıydım... Realschuledə heç bir uğur göstərmədiyim təqdirdə, atamın məni xəyal etdiyim səadətə qovuşmaq üçün sərbəst buraxacağını zənn edirdim... Xoşuma gələn və irəlidə rəssam olaraq faydalana biləcəyim dərsləri oxuyur, məni maraqlandırmayan və lüzumsuz saydığım dərsləri isə qəsdən oxumurdum... Burada “əla” və “yaxşı” qiymətlərlə yanaşı, “kafi” və hətta “qeyri-kafi” qiymətlər də alırdım. Ən çox uğur qazandığım dərslər tarix və coğrafiya idi. Çox sevdiyim bu iki dərsdə sinif birincisi mən idim... Yaşım irəlilədikcə memarlığa daha yaxın bir maraq duymağa başladım... Atam vəfat edərkən on üç yaşında idim... Anam tərbiyəmə atamın arzusuna uyğun olaraq davam etməyi qərar vermişdi,yəni məmur olmağımı istəyirdi. Mən isə məmur olmamaq üçün hər zamankından daha əzmli və qəti qərarlı idim… Birdənbirə bir neçə həftə çəkən ciyər xəstəliyinə tutuldum və bu hadisə bütün ailə anlaşmazlığına son qoydu. Belə ki, həkim, anama irəlidə məni heç bir zaman bir biroya “həbs etməməsi” vacibliyini dedi və Realschuledəki təhsilimə ən az bir il fasilə verməyimi tövsiyə etdi... Xəstəliyim ucbatından anam Realschuledən ayrılıb akademiyaya girməyimə icazə verdi”.

Atasının vəfatından bir neçə il sonra isə anasını (Klara Pölzl) itirən Adolf uşaqlıqdan arzu etdiyi rəssamlıq sənətinə yiyələnmək üçün təhsil ardınca Vyanaya gedir. Burada o, Gözəl Sənətlər Akademiyasına qəbul imtahanlarına iki dəfə qatılsa da, uğur qazana bilmir. Vyanada yaşadığı illər Hitler üçün iztirab və səfalət illəri olur. Hitler “Mein Kampf” əsərində bu haqda yazır: “Bu gün belə onun (Vyananın- Y.X.) adı mənə sıxıntı ilə keçən beş illik acı xatirələrdən başqa bir şeyi ifadə etmir. Bu beş il içində əvvəlcə fəhlə olaraq işə başladım. O qədər az pul qazanırdım ki, bununla qarnımı belə doyura bilmirdim. O günlərdə hər zamankından daha çox şey öyrənmişdim. Memarlığım və çox nadir hallarda getdiyim opera ziyarətlərimdən başqa, ac qalma bahasına aldığım və aclığımın meyvəsi olaraq gündən günə artan kitablarımdan başqa heç bir əyləncəm yox idi...Işimdən artıq qalan bütün vaxtımı yalnız oxumağa və araşdırmağa ayırırdım. Beləliklə, bu illərdə (Vyana illərində-Y.X.) əldə etdiyim məlumatlardan bu gün belə yararlanıram.”

Hitler Vyanada yaşadığı illərdə Georg fon Schönererden ve Karl Luegerin lideri olduğu Avstriya Xristian-Sosial Partiyasından təsirlənmişdir.4 Məhz bu illərdə o, Marksizm ideyalarına və yəhudilərə qarşı sonsuz nifrət hisslərinə yiyələnərək qatı antisemitizm5 tərəfdarı olmuşdur. Hitler “Mein Kampf” əsərində bu haqda belə yazır : “...o zamankı aksiomamın sarsılmaz təməli olan ümumi nəzəriyyə və görüşlər məndə o günlərdə (Vyana illərində-Y.X.)təşəkkül tapdı. O gündən bəri bu nəzəriyyə və görüşlərə çox az şey əlavə etdim, amma əsaslı heç bir şey dəyişdirmədim. Əksinə bunlara bağlı qaldım”.

Hitler 1912-ci ildə Münxenə köçmüşdür. O, I Dünya müharibəsi başlanarkən könüllü olaraq alman ordusu sıralarına daxil olaraq Bavar Piyada Alayında yefreytor rütbəsi ilə bütün müharibə müddətində ön cəbhədə vuruşmuşdur.

Müharibədə iki dəfə yaralanmış və göstərdiyi qəhrəmanlıqlara görə “Dəmir xaç nişanı” ilə mükafatlandırılmışdır. Müharibədən sonra orduda təbliğatçı kimi bolşevizmə qarşı mübarizə aparmaq və Alman milliyətçiliyini yaymaqla vəzifələndirilmişdir. 1919-cu ilin payızında, Hitler ordudakı vəzifəsindən ayrılıb A.Drekslər tərəfindən yeni yaradılan “Alman Fəhlə Partiyası”na daxil edilir və bu partiyanın təbliğatı ilə məşğul olur. Bir il sonra isə partiyanın adı Nasional- Sosialist Alman Fəhlə Partiyası6 olaraq dəyişdirilir. Bu partiya öz gücünü göstərmək üçün qurduğu SA (Sturmabteilung) təşkilatı ilə sosialist və kommunistlərin iclaslarına təcəvüzkar hücumlar edirdi. Partiyanın güclənməsinin səbəbini Hitlerdə görən rəhbərlik onu 1921-ci ildə partiya rəhbərliyinə gətirdi. Hitler, rəhbər vəzifəyə gələn kimi mətbuat vasitəsi ilə, eləcə də təşkil etdiyi mitinqlərlə ardıcıl bir təbliğat fəaliyyətinə başladı. Partiya rəhbərliyinə güclü şəxsiyyətlər gətirən Hitler, bu şəxsi heyət ilə dövlət idarəçiliyini ələ keçirməyi planlaşdırırdı.1923-cü ilin noyabr ayında Münxendəki bir pivəxanada etdikləri yığıncaqda dövlət çevrilişi etmək fikri ortaya atıldı və ertəsi gün bu məqsədlə başladılan yürüş polis tərəfindən dağıdıldı7 və partiya başçıları ilə birlikdə Hitler də həbs edildi. Landsberq həbsxanasında aktiv siyasi fəaliyyətdən məhrum olan Hitler iki cilddən ibarət “Mein Kampf” (“Mənim mübarizəm”) adlı əsərini sadiq dostu Rudolf Hessə diktə edərək yazdırmışdır. Bu əsər tarixə Alman faşizminin ideoloji və siyasi proqramı kimi daxil olmuşdur. Həbsdən buraxıldıqdan sonra Hitler, əvvəlki gücünü itirməkdə olan partiyasını yenidən ayağa qaldırmaq üçün güclü və sağcı bir hökümət qurulmasını arzulayan iş adamlarının maliyyə dəstəyinin köməyi ilə işsiz və az gəlirli almanların bu partiyaya daxil olmasına nail olur. Mövcud hökümətin daxili siyasətindəki uğursuzluqlar isə bu partiyanın seçkilərdə müvəffəqiyyət qazanmasına əlverişli şərait yaradır. Belə ki, 1930-cu il sentyabr seçkilərində onun partiyası 6.407.000 (18,3 %) səs toplayır və parlamentdəki təmsilçilərini 12-dən 107-yə qaldırır. 1932-ci ilin yazında keçirilən seçkidə пrezident seçilən I Dünya mühabibəsinin məşhur şəxlərindən feldmarşal Paul fon Hindenburqdan8 sonra Hitler topladığı səslərə görə ikinci şəxs olur. 1933-cü il yanvar ayının 30-da prezident Hindenburq Hitleri Reyx kansler təyin edir. Hitler bu vəzifəyə gələn kimi ilk iki ilini güc orqanlarını öz əlində birləşdirməyə həsr edir. Belə ki, o, bir neçə nasisti-Hermann Goringi Prussiyanın daxili işlər naziri, Wilhelm Fricki- Mərkəzi hökümətin daxili işlər naziri və dostu Werner fon Blombergi müdafiə naziri təyin edərək surətli şəkildə idarəni öz əlinə alır. Bu illərdə Hitler parlamentin fəaliyyətini dayandırır. O, 27 fevral 1933-cü ildə öz adamları tərəfindən yandırılan Reyxstaq binasının yanğınının cavabdehliyini kommunistlərin boynuna atır və hətta bununla bağlı 1933-cü ilin sentyabrından dekabrınadək Leypsiqdə qondarma mühakimə prosesi keçirilir9. 1933-cü il 28 fevralda faşist hökümətinin təklifi əsasında prezident Hindenburq “Xalqı və dövləti müdafiə etmək” adlı fövqəladə fərmanla Veymar Konstitusiyasının10 təsbit etdiyi bütün azadlıqları ləğv edir.Ölkədə Nasist Partiyasından başqa bütün siyasi partiyalar qadağan olunur. 1933-cü ilin martında federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətı ləğv olunur. Bu illərdə kütləvi həbslər həyata keçirilir. SA-ların ölkədəki fəaliyyətindən narazı olan ordunun dəstəyini almaq istəyən Hitler, 29 iyun 1934-cü ildə SA-ların qurucusu Ernst Röhm, köməkçisi Edmund Heinks və Gregor Strasser, Kurt fon Schleicher və bəzi siyasi rəqiblərini öldürtdürür. Beləliklə, tarixə “uzun bıçaqlar gecəsi” kimi düşən bu gündən sonra ordu komandirləri rahat nəfəs alır və Hitler də SA-lardan qurtulmuş olur. 2 avqust 1934-cü ildə prezident Hindenburqun ölümündən sonra Hitler bütün hakmiyyəti əlində cəmləşdirdi və ölkədə avtoritar-faşist diktaturası yaratdı11. Hitlerin rəhbərliyi dövründə Almaniyada SS-lər12 (Schutz Staffel), gizli polis təşkilatı “Gestapo”13 yaradıldı. Bununla da Almaniyada polis dövləti formalaşdırıldı. Iqtisadiyyata və mədəniyyətə rəhbərliyi faşist diktaturası öz əlinə aldı. Ölkədə sərt mərkəzləşmə tətbiq olundu. Təsərrüfatın işini tənzimləyən Baş Şura yaradıldı. Hərbi Sənaye Kompleksinin surətlə inkişaf etdirilməsi prosesi başlandı. Almaniyanın I Dünya müharibəsində məğlubiyyətinin məsuliyyəti yəhudilərin üzərinə qoyuldu. 1933-cü ilin yazından etibarən yəhudilərə məxsus olan müəssisələrin baykot edilməsinə başlanıldı. 1935-ci ildə yəhudiləri alman vətəndaşlığından məhrum edən və onların dövlət orqanlarında vəzifə tutmalarını qadağan edən bir neçə qanun qəbul еdildi. Nurunberq qanunları ilə yəhudilərin almanlarla evlənmələri qadağan edildi. Yəhudilər universitetlərdən qovuldular, onların sərbəst peşə ilə məşğul olmalarına maneçilik törədərək gettolarda14 yaşamağa məcbur edildilər. Bütün mülkiyyətləri əllərindən alınan yəhudilərin böyük bir qismi “SS”lərin rəhbərlik etdiyi qiyamla məhv edildi15. Nasionalist ideologiyası ilə silahlanan “Hitler gəncliyi” adlı bir təşkilat yaradıldı.

Hitlerin əsl məqsədi “Ari irq” olaraq səciyyələndirdiyi Alman irqini digər irqlərə hökmran etmək idi. Onun “dəyərsiz xalqları” əsarət altına almaq və qırmaq istiqaməti götürmüş işğalçılıq proqramı Polşanı məhv etməyi, Ingiltərəni sıxışdırıb Avropa konti­nen­tindən çıxarmağı, Fransanı işğal etməyi, Avropanın təbii sərvətlərinə yiyələn­məyi, almanlara rahat və geniş ərazilər təklif etmək məqsədilə şərqə doğru hərəkət etməyi, Sovetlər Birliyini məhv edərək onun ərazisində “yeni həyat sahəsi” bərqərar etməyi nəzərdə tuturdu.

Hitler, I Dünya müharibəsindən sonra imzalanan və Almaniyanı alçaldıcı vəziyyətə salan Versal müqaviləsini pozaraq yeni bir ordu qurmağa başladı.16 Bundan sonra Münxen sazişi ilə müstəqil dövlət kimi ləğv olunan Çexoslovakiya nasistlər tərəfindən işğal olundu. 1939-cu ilin mayında Hitler və Mussolini17 tərəfindən hərbi-siyasi ittifaq haqqında “Polad paktı” imzalandı. 1939-cu il avqustun 23-də Hitler Almaniyası SSRI ilə bir-birinə qarşı on il müddətinə hücum etməmək haqqında müqavilə bağladılar.18 Ingiltərə və Fransanın Polşaya real kömək etməyəcəyinə əmin olan Hitler Almaniyası 1939-cu il sentyabrın 1-də onun üzərinə hücuma keçərək işğal edir. Eyni ilin sentyabrın 3-də isə İngiltərə və Fransa Almaniyaya müharibə elan edir və bununla da II Dünya müharibəsi başlanır. Hitler qoşunları 1940-cı il aprelin 9-da Danimarka, iyunun 10-da Norveç, həmin ilin mayında isə Hollandiya, Belçika və Fransa üzərinə hücum edib bu ölkələri işğal edir. Daha sonra nasistlər 1940-cı ilin iyulundan payızın axırlarınadək ingilis şəhərlərini vəhşicəsinə bombardman edir. Hitler Almaniyası 1940-cı il sentyabrın 22-də İtaliya və Yaponiya ilə üçtərəfli hərbi-iqtisadi ittifaq haqqında müqavilə bağladı. 1940-cı ilin oktyabrında faşistlər Rumuniyaya daxil oldular, daha sonra Macarıstanı özlərinə tabe etdilər. 1940-cı ilin 18 dekabrından Hitler tərəfindən “Barbarossa” adlı gizli plan təsdiq edildi ki, bu planda “Ildırım sürətilə” qələbəyə çatmaq və ay yarım-iki ay ərzində SSRI-ni darmadağın etmək nəzərdə tutulurdu. Hitlerçilər 1941-ci ilin martında öz qoşunlarını Bolqarıstana yeritdi. Nəticədə Bolqarıstan üçlər paktına cəlb edildi. 1941-ci ilin aprelində alman və italyan qoşunları parçalanmış vəziyyətdə olan Yuqaslaviya və Yunanıstanı işğal etdi. 1941-ci il 22 iyunda Hitler Almaniyası hücum etməmək haqqında müqaviləni kobudcasına pozaraq müharibə elan etmədən Sovetlər Birliyinə hücuma keçdi. Hitler tərəfindən təsdiq edilmiş “Ost” (“Şərq”) adlanan baş planda SSRI-nin işğal olunmamış ərazisindəki slavyan əhalinin məhv edilməsi, Sibirə sürgün edilməsi və almanlaşdırılması nəzərdə tutulurudu. Müharibənin ilk aylarında Qızıl Ordu surətlə irəliləyən hitlerçilərin təzyiqi altında bütün cəbhə boyu böyük insan itkisi və maddi tələfat veməklə geri çəkilməyə məcbur oldu. Hitlerin ölkələri işğal edərək surətlə irəliləməsindən qorxuya düşən ölkələr antihitler koalisiyasında birləşməyə başladılar. 1942-ci ilin oktyabrında ingilislər faşistləri Şimali Afrikada məğlub edərək onların Yaxın Şərq ölkələri üzərində olan təhlükəsini aradan qaldırdı. 1943-cü ildə Hitler Almaniyasının Stalinqrad döyüşündə SSRI-yə məğlub olması II Dünya müharibəsinin gedişində bütün antihitler koalisiyasının xeyrinə əsaslı dönüş yaratdı. 1943-cü ildə ingilislər Mussolinini məğlubiyyətə uğradaraq Şimali Italiyanı işğal etdilər. Beləliklə, Almaniyanın Avropadakı əsas müttəfiqi olan Italiyanın müharibədə məğlub olması ilə hərbi-faşist blokunun dağılmasının əsası qoyuldu.

Hitlerin siyasəti Almaniyanı fəlakətə doğru aparırdı. Belə bir şəraitdə bəzi qruplar Hitlerə sui-qəsd planı hazırlamağa başladılar. Polkovnik Claus fon Stauffenberq Hitlerin qərargahına bombalı bir sui-qəsd təşkil etsə də, Hitler bu sui-qəsdən yüngül yaralanaraq xilas oldu.19 Baş tutmayan sui-qəsddən sonra artıq Hitlerin başı və əlləri əsir, hərəkətlərinə isə nəzarət etməkdə çətinlik çəkirdi. 1944-cü ilin sonundan etibarən Hitler artıq dəli olmaq dərəcəsinə çatır. Belə ki, o, tez-tez öz-özünə danışır, rahat yata bilmir, qışqıraraq tez-tez yuxudan oyanırdı.

1945-ci ilin əvvəllərində İngiltərə və Fransa qərbdən, Sovetlər Birliyi isə şərqdən alman torpaqlarına daxil olmağa başladılar. Artıq məğlubiyyət Hitler üçün qaçılmaz idi. Ətrafındakıların Hitlerə Bavariyadakı təhlükəsizliyi təmin edilmiş yeraltı bunkerlərdən birinə getməyi təklif etməsinə baxmayaraq, bəlkə də artıq özlüyündə uduzduğunu anlayan Hitler, Berlini tərk etmək istəmirdi. O, deyirdi ki, ya düşmən Berlində məğlub ediləcək, ya da o, özünü güllələyəcəkdir. Berlin bombardman edilən zaman Hitler zorla da olsa yeraltı bunkerə endirildi. O, artıq sonunun çatdığını anlayır və bilirdi ki, ələ keçəcəyi təqdirdə onu dəhşətli bir ölüm cəzası gözləyir. Bundan başqa, Hitler başa düşürdü ki, onu 1918-ci ildə Versalda bağlanan və Almaniyanı alçaldıcı vəziyyətə salan sülh müqaviləsi kimi bir müqavilə bağlamağa məcbur edəcəklər. Bunu isə o, istəmirdi. Maraqlı və qəribə də olsa, Hitler belə bir vəziyyətdə 28 aprel 1945-ci ildə sevgilisi Yeva Braunla evlənir. Həmin ilin 30 aprel tarixində isə Hitler nasionalist rəhbərləri ilə vidalaşaraq öz yerinə Dönitzi təyin edir və arvadı Yeva Braunla birlikdə intihar edir.

Alman xalqı üçün bütün varlığı ilə xidmət etməyə çalışan Hitlerin nəticədə milyonlarla günahsız insanın ölümünə səbəb olan fəaliyyətini nəzərdən keçirərkən istər-istəməz düşünürsən: Alman xalqı üçün Hitler kimdir? Qəhrəman yoxsa cani?

QEYDLƏR
1. Bəzilərinin fikrincə, antropoloji sifət quruluşuna görə almanlara bənzəməyən Hitler özünün hərəkətləri, baxışı, sifətinin cizgiləri ilə yəhudiləri xatırlatdığından, o, alman deyil, yəhudi hesab olunur.

2. “Kavgam” (“ Mein Kampf”) Türkçeye çevireni Refik Özdek.Istanbul-2002

3. Realschule Avstriyanın Lints şəhərində məktəb idi.

4. Hitler “Mein Kampf” əsərinin birinci cildinin III bölməsini Vyanada yaşadığı illərdəki ümumi siyasi görüşlərinə həsr etmişdir. O, bu bölmədə lider və siyasət haqqında maraqlı fikirlər söyləmiş, Habsburq sülaləsi haqqında görüşlərini açıqlamış, demoktariyanın ən böyük kəşfi sayılan parlamenti kəskin tənqid atəşinə tutmuş, Karl Lueger və Georq Fon Schoenererdən bəhs etmiş və digər məsələlərə də toxunmuşdur.

5. Antisemitizm - yəhudilərə qarşı milli və dini ayrı seçkiliyin ifrat formalarından biridir. Hitlerin hakimiyyəti dövründə Almaniya antisemitizmin mərkəzinə çevrilmişdir.

6. “Mein Kampf” əsərinin birinci cildinin IX bölməsi Alman Fəhlə Partiyasına, XII bölməsi isə Nasional Sosialist Alman Fəhlə Partiyasının ilk inkişafı dövrünə həsr olunmuşdur.

7. Bu hadisə tarix ədəbiyyatında “Pivə qiyamı” adlandırılır.

8. Paul fon Hindenburq - Almaniyanın hərbi-siyasi və dövlət xadimidir.1870-1871-ci illərdə Fransa-Prussiya müharibəsində iştirak etmiş, Almaniyada noyabr inqilabının (1918) yatırılmasına rəhbərlik etmiş, 1925-ci ildə Veymar Respublikasının prezidenti seçilmişdir.

9. 1933-cü il 27 fevralda G.Görinqin bilavasitə tapşırığı ilə bir dəstə hitlerçi reyxstaqı yandırır və bunu kommunistlərin üstünə atır. Bununla bağlı 1933-cü il sentyabrın 21-dən dekabrın 23-dək Leypsiqdə qondarma məhkəmə prosesi keçirilir və reyxstaqı yandırmaq üstündə saxta ittiham əsasında kommunistlər təqsirləndirilir. Sonralar Londonda yığılmış görkəmli hüquqşünasların beynəlxalq komissiyasında təkzibolunmaz faklarla sübut olundu ki, reyxstaq hitlerçilərin özləri tərəfindən yandırılmışdır.

10. Almaniyanın Veymar şəhərində Müəssisələr Məclisi tərəfindən noyabr inqilabı (1918) nəticəsində baş vermiş dəyişiklikləri özündə əks etdirən konstitusiya qəbul olunmuşdur (31.7. 1919) ki, bu, tarixdə Veymar Konstitusiyası adlanır.

11. Paradoksal haldır ki, milyonlarla adamın ölümünə göstəriş verən Hitlerin həyatında bəzi kövrək məqamların olması haqqında məlumatlar vardır. Belə ki, onu yaxından tanıyanlar Hitlerin adi bir quşun, heyvanın ölümünə göz yaşları tökdüyünü qeyd edirlər. Hitleri yaxından tanıyanların bəziləri isə onun əsl centlmen, həssas və qayğıkeş bir insan olduğunu söyləyirlər.

12. Hitlerin yaratdığı Schutz Staffelin (mühafizə qrupu) ilk komandiri Julius Schreck, 1926-cı ilin aprelindən isə Josef Berthold olmuşdur.

13. 1933-cü ildə yaradılan qısa şəkildə Gestapo adlandırılan Geheime Staatspolizei Hitler Almaniyasının gizli polis təşkilatı olmuşdur. 1936-cı ildən Gestaponun başçısı Heinrich Himmler idi. Almaniyanın II Dünya müharibəsində məğlubiy­yətindən sonra 1945-ci ildə ləğv olunan Gestapo, 1946-cı ildə Nurenberqdəki beynəlxalq hərbi məhkəmə tərəfindən cinayətkar təşkilat hesab olunmuşdur.

14. Getto - orta əsr Avropa şəhərlərində yəhudilərin məcburi yaşaması üçün nəzərdə tutulan ərazidir. II Dünya müharibəsi zamanı nasistlər tərəfindən yaradılan, əslində isə iri həbs düşərgələri olan Gettolarda on minlərlə yəhudi məhv edilmişdir.

15. II Dünya müharibəsində altı milyondan çox yəhudi nasistlərin irqçilik siyasətinin qurbanı olmuşdur.

16. Versal müqaviləsinə əsasən Almaniyanın hərbi potensialı məhdudlaşdırılmışdır. Belə ki, Almaniyada ümumi icbari hərbi mükəlləfiyyət ləğv olunaraq ona daxilində qayda-qanunu qorumaq məqəsdilə yalnız könüllülük əsasında toplanmış 100 min nəfərlik quru qoşunu saxlamağa icazə verilmişdir.

17. Benito Mussolini - İtaliya faşizminin lideri olmuşdur. 1919-cu ilin martında “Faşio di Kombatimento” (“Mübarizə ittifaqı”) təşkilatı yaratmış, 1922-ci ildə Italiyada hakimiyyətə gəlmiş, 1926-cı ildə isə ölkədə faşist diktaturası yaratmışdır. II Dünya müharibəsində Hitlerin ən yaxın müttəfiqi olmuşdur. 1945-ci ilin aprelində Italyan partizanları tərəfindən edam edilmişdir.

18. Hitlerin bu müqaviləni bağlamaqda məqsədi, Avropanı işğal edib qurtarana qədər SSRI-ni müharibədən təcrid etmək idi.

19. Hitlerin keçirdiyi ənənəvi tədbirlərin birində onun oturduğu stolun altına bomba yerləşdirilir. Güclü partlayış onlarca adamın ölümünə və yaralanmasına səbəb olsa da, Hitlerin bəxti gətirir və sağ qalır. Sui-qəsddən sonra qəsdçilərdən Kluge və Rommаl intihar edirlər, Witzleben, Stülpnagel və Canaris isə Hitlerin əmri ilə edam edilir.

Mənbə
1. Aytunç Altındal. Bilinmeyen Hitler. Yeni Avrasya Yayınları; Ankara , 2001, 15.5 x 23.5 cm., 254 sayfa, Türkçe, Karton kapak. ISBN No: 9756669012

2. Xəlilov Yunis. Hitler kimdir? “Qeybdən gələn səslər kitabı” (ədəbi almanax). Bakı. “Nur­lan” nəşriyyatı. 2004. səh. 228-236.

3. Xəlilov Yunis. Faşizm: dünən və bu gün. “Şaman” qəzeti. № 05, Sumqayıt. 15 sentyabr 2005. səh. 06.

Sayfa başına dön Aşağa gitmek
 
ALMAN DİKTATORU ADOLF HİTLERİN HƏYATI
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası
 Similar topics
-
» Alman Diktatörü Adolf Hitler'in Hayatı
» Adolf Hitlerin Psixoloji Portreti, Şəxsi və Ailə Həyatına Dair Bəzi Qeydlər
» Alman Vril UFO'ları
» Adolf Hitler'e Yapılan Suikast Girişimi
» Adolf Hitler Döneminin Gerçek Gizli Tarihi

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Bilgi Köşesi :: Yabancı Dilde Makaleler-
Buraya geçin: